Xocali.biz

 
 
You are here: Azərbaycan Haqqında Dövlət hakimiyyəti Dövlət komitələri və şirkətləri
 
 

Dövlət komitələri və şirkətləri

E-poçt Çap PDF faylını al
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

 

Azərbaycanda neft sənayesinin inkişaf tarixinə dair qısa arayış

Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə olaraq 1836-cı ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş və onun tərkibini müəyyən etmişdir. Professor K.V. Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış və təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişlər. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. Azərbaycan dünyada təkcə ilk neft-qaz hasilatçısı kimi deyil, həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft kəməri çəkilir. Aşağıda Azərbaycanın neft sənayesi tarixində baş vermiş ən mühüm hadisələr qeyd olunmuşdur:

1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub.

1872-1873-cü illərdə, ABŞ-dan 15 il əvvəl quyu nasosundan istifadə edilib.

1877-ci ildə neft məhsullarının daşınması üçün ilk metal korpuslu “Zoroastr” (“Zərdüşt”) tankeri istifadəyə verilib.

1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar “Bakı üsulu” adı ilə məşhurlaşıb.

1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb və Azərbaycan neft hasilatı sahəsində dünya liderinə çevrilib. (Bu zaman ABŞ-da ildə cəmi 9,1 milyon ton neft hasil olunurdu).

1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilmişdir.

1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur.

1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili quyu qazılıb istifadəyə verilib.

1949-cu ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının əsasını qoydu.

1971-ci ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı.

1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş saziş imzalandı. Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qoyuldu.

ARDNŞ-in tarixi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada tanınmış neft şirkətlərindən biridir. Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı 13. 09. 1992-ci il Fərmanı ilə ''Azərineft'' Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir.

Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanın neft sənayesini özündə əhatə edən “Azərneft” birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və ''Azərneftkomitə'', ''Azərneftkombinat'' (sonralar ''Azərneft'', ''Azərneftzavodlar'' və ''Azərneftmaşınqayırma'' Birliklərinə ayrılmış), ''Azərneftçıxarma'' Birliyi və s. adlar daşımışdır. Müxtəlif dövrlərdə “Azərneft”in əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradılmışdır. 1970-ci ilin avqustunda ''Azərneft'' adı yenidən təşkilata qaytarılmışdır. “Azərneft” Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilat olmuşdur.

ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən ARDNŞ-nin Nizamnaməsi və onun strukturu təsdiq edilmiş, 18 sentyabr 2004-cü il tarixli 127 nömrəli və 22 dekabr 2005-ci il tarixli 340 nömrəli Fərmanları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Şirkətin Nizamnaməsində və idarəetmə strukturunda əlavə və dəyişikliklər edilmişdir.

ARDNŞ-in vəzifələri və fəaliyyətinin predmeti

ARDNŞ respublikanın bütün ərazisində - quruda və dənizdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir.

ARDNŞ-in fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti haqqında www.socar.az internet saytında daim yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür.

Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı fəaliyyət növlərini həyata keçirir:

- sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki, iqtisadi və sosial proqramların işlənib hazırlanmasını;

- istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin yaradılmasını;

- sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini;

- sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini;

- müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və sürətinin artırılmasını;

- təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsini;

- iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını;

- kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının artırılmasının təşkilini;

- sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı üçün əlverişli imkanlar yaradılmasını;

- dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini;

- geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq qaydada təsdiqlənməsinin təmin edilməsini;

- yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr tərəfindən istismar olunan yataqların təcrübə, sənaye-istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini;

- neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini;

- hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə müəyyən edilmiş nəql haqqının ödənilməsini;

- xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini;

- xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin müvafiq qaydada ödənilməsini;

- torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini;

- qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s.

ARDNŞ-nin birgə beynəlxalq layihələri

ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir.

Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.

“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycanın daxildəki və xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, layihənin reallaşmasına mane olmağa çalışırdılar. Lakin bütün maneələrə baxmayaraq, kəmərin tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də - Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstambul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.

4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir.

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-ci il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhəddində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə sərhəddindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.

ARDNŞ-in strukturu

I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu

1. Rəhbərlik
- Prezident
- Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident
- İqtisadi məsələlər üzrə vitse-prezident
- Vitse-prezident-emal üzrə
- Vitse-prezident-sərmayələr və marketinq üzrə vitse prezident
- Vitse-prezident
- Sosial məsələlər üzrə vitse-prezident
- Ekologiya üzrə vitse-prezident
- Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident
- Vitse-prezident – strateji inkişaf üzrə
- Vitse-prezident – neftin, qazın hasilatı və nəqli üzrə
- Vitse-prezident

 

2. Şirkətin aparatı

II. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr:

  1. "Azneft" İstehsalat Birliyi;
  2. “Azəriqaz” İstehsalat Birliyi;
  3. “Azərikimya” İstehsalat Birliyi;
  4. Geofizika və Geologiya İdarəsi;
  5. Neft Kəmərləri İdarəsi;
  6. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi;
  7. Sərmayələr İdarəsi;
  8. "Azərneftyağ" Neft Emalı Zavodu;
  9. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu;
  10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
  11. Təhlükəsizlik İdarəsi
  12. Sosial İnkişaf İdarəsi
  13. Ekologiya İdarəsi
  14. Qaz İxrac İdarəsi
  15. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
  16. Xəzər Dəniz Neft Donanması
  17. “Neftqaztikinti“ Tresti
  18. Kompleks Qazma İşləri Tresti
  19. “Neftqazelmitədqiqatlayihə“ İnstitutu;
  20. Qaz Emalı Zavodu;
  21. Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi;
  22. “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiyası.

ARDNŞ-in ünvanı

Unvan: Bakı şəhəri, AZ 1000
Neftçilər prospekti, 73
Tel.: 492-06-85
Fax: 497-11-67
E-mail: info@socar.az
İnternet səhifəsi: www.socar.az